Fransadakı zorakılıq dünyaya nə deyir?| Hadisələr və mümkün ssenarilər...

2023/07/olays-1689314706.jpg
Oxunub: 5658     13:20     14 İyul 2023    
2023-cü il iyunun 27-də Fransada 17 yaşlı M. Naelin dayan xəbərdarlığına tabe olmadığı polisin silahından açılan atəş nəticəsində ölməsi ilə başlayan etirazlar yalnız son günlər səngiyib.

1. Fransada nə baş verir?

Faciə nəticəsində polis əməkdaşı qəsdən adam öldürmə cinayəti ilə dərhal nəzarətə götürülüb, Fransa Prezidenti Emmanuel Makron isə bildirib: “Səbəbi nə olursa-olsun, bu, heç vaxt bir gəncin öldürülməsinə haqq qazandırmaz”. Hətta Makronun açıqlamaları belə zorakılığın Nanterdən Paris, Lil, Marsel, Bordo, Tur və Lion kimi şəhərlərə yayılmasının qarşısını ala bilmədi.

Əslində hadisələrin 2005-ci ildə təxminən 3 həftə davam edən iğtişaşları xatırlatması və zorakılığın dozasının sosial medianın da təsiri ilə sürətlə artmağa davam etməsi ölkədə təhlükəsizlik baxımından böyük problemin olduğunu aşkara çıxardı. Gettolaşan şəhərətrafı ərazilərdə yaşayan Şimali Afrika əsilli bu gənclərin demoqrafik quruluşları araşdırıldığında ortaya çıxan mənzərədə ölkə üzrə orta göstəricidən 3 dəfə yüksək olan yoxsulluq, onların ailələrinin aşağı təhsil səviyyəsi, yoxsul həyat şəraiti diqqəti çəkir.

Bundan əlavə, bu bölgələrdə bir çox gənclər məktəbdən uzaq həyat sürürlər. Ailə quruluşlarında problemləri olan gənclərin etirazlarında şiddətli zorakılığın qəbul edilməsinin səbəbləri arasında “Covid-19” pandemiyası ilə artan bərabərsizliyi və gündəlik həyatdakı ayrı-seçkiliyi göstərmək mümkündür. Demək olar ki, gənclər indiki ictimai quruluşda özlərinə yer tapa bilməməsi nəticəsində varlıqlarını ancaq radikal zorakılıqla göstərirlər.

İstehlak mədəniyyətində çata bilmədikləri yerləri yağmalayıb dağıtmaları, dövlət qurumlarını hədəfə almaları son dərəcə təhlükəli mənzərə yaradır. Birləşmiş Millətlər Təşkilatının (BMT) diqqət çəkdiyi Fransa polisindəki “irqçilik” xəbərdarlığı cəmiyyətdə əks-səda doğursa da, görünür, təhlükəsizlik və ayrı-seçkilik məsələlərində ölkəni parçalayan və uzun illər davam edəcəyi gözlənilən müzakirələr yenidən alovlanıb.

2. Fransa dövləti etirazlara necə reaksiya verir?

Etirazların ilk kritik gecəsindən sonra Prezident Makron parlament və senat rəhbərləri ilə danışıqlar aparıb, Fransanın Baş naziri Elizabet Born isə parlamentdəki partiya qruplarının liderləri ilə görüşüb və 2005-ci ildən daha şiddətli hadisələrə qarşı bütün ssenarilər üzrə məsləhətləşləşmələr aparıb.

1955-2015-ci illər arasında 6 dəfə elan edilən fövqəladə vəziyyət yenidən gündəmə gələrkən, 45 min təhlükəsizlik qüvvələrinin küçələrə müdaxiləsi, bəzi şəhərlərdə komendant saatı, ictimai nəqliyyatın saat 21:00-da dayandırılması kimi tədbirlərlə etirazlar nəzarət altına alındı. 7-ci günün sonunda maliyyə və mənəvi balans 2005-ci ildən daha ağır oldu.

Dövlətin güc nümayiş etdirməsinə baxmayaraq, xarici mətbuat Makronun nəzarəti itirməsi və xarici müdaxilə kimi mövzuları işıqlandırıb. 27 iyun iğtişaşlarında Makronun nəzarəti itirdiyini, xarici müdaxilənin mümkün olmadığını söyləmək olmaz. Ancaq 2015-ci ildən bəri öncə terror hücumları, daha sonra 2018-ci ildə sarı jiletlilər hərəkatı, 2019-cu ildə pensiya islahatı ilə bağlı ağır tətil və “Covid-19” epidemiyası sonrası iğtişaşlar kimi hadisələrin baş verdiyi Fransa siyasi baxımından da qeyri-sabit ölkə mənzərəsi yaradır.

Fransanın Avropa İttifaqı (Aİ) və digər beynəlxalq təşkilatlardakı rolunu nəzərə alsaq, küçə hərəkatlarının zorakılığı, müdaxilənin forması, siyasi sabitliyin pozulması ölkənin həm təhlükəsizlik, həm də beynəlxalq siyasətdə mövqeyi ətrafında spekulyasiyalar yaratmağa kifayət edir. Digər tərəfdən, Fransanın dünya tarixində küçə hərəkatlarında lider olmasının müxtəlif ölkələrdə yaşayan oxşar mühacir qrupları üçün ilham mənbəyi olduğu və bu ölkələrdə narahatlıq yaratdığı düşünülür.

Hadisələrin başlamasından təxminən 7 gün sonra yaş ortalaması 17 olan 3 min 243 adam nəzarətə alındı. Fransa daxili işlər naziri Gerald Dermaninin açıqlamasına görə, bu rəqəmin 60 faizinin heç bir cinayəti yoxdur. Dövlət fövqəladə tədbirlər görməkdən, hətta güc nümayişindən belə çəkinmədiyi halda, zorakılıq, talan və yandırma görüntüləri yenidən Fransada insanların beyninə həkk olundu.

Ölkə ərazisində cəmi bir neçə gün davam edən gərgin etirazlar Qayanada 1 nəfərin ölümü ilə nəticələndi, 700 təhlükəsizlik qüvvələri üzvü yaralandı. İqtisadiyyat naziri Bruno Le Mairenin açıqlamasına görə, hadisələr 1 milyard avro ziyana səbəb olub, 5 min avtomobil və min bina yanıb. 10 min zibil qutusu yandırılıb. 250 jandarm və polis bölməsi hücuma məruz qalıb. Rəqəmlər 2005-ci illə müqayisə edildikdə, zorakılığın dozasının sürətlə artmasında ən böyük amil gənclərin bir-biri ilə çox sürətli ünsiyyət qurmasına, bir araya toplanmasına və zorakılıqda bir-biri ilə rəqabət aparmasına sövq edən sosial media olub.

3. Mümkün ssenarilər hansılardır?

Dövlətin sərt müdaxiləsi və Naelin ailəsinin zorakılığa son qoyulması çağırışları hadisələri ləngitsə də, pensiya islahatı, artan bərabərsizliklər və inflyasiya məsələlərini nəzərə alaraq qarşıdakı ayların kritik olduğunu söyləmək olar. Fransanı çətin payız mövsümü gözləyir. Bununla belə, bu baxımdan həlledici olacaq əsas amillər sırasında inflyasiyanın nəzarətdə saxlanılmasını, pensiya islahatının həyata keçirilməsini, şəhərətrafı rayonlarla dialoq formalarını saymaq olar.

Avropada etirazlar gördüyümüz yerlər yenə frankofon təsirinə malik olan və oxşar miqrasiya hekayələri tapa biləcəyimiz ölkələrdir. Demək olar ki, hadisələrin başqa ölkələrə yayılmasına səbəb olacaq əsas amil oxşar urbanizasiya strukturları və ayrı-seçkilik, yoxsulluq, bərabərsizlik kimi əsas amillərin oxşarlığıdır.

İstər Fransada, istərsə də Avropada ifrat sağın yüksəlişi hadisələrə qarşı mübarizəyə yanlış siyasi istiqamət verə, mühacirlərlə bağlı aparılan siyasət isə hadisələrin yenidən alovlanmasına səbəb ola bilər. Həddindən artıq zorakı ekstremist qrupları immiqrant əhalinin nümayəndələri kimi görmək də yeni ayrı-seçkiliklərə təkan verə bilər.

İmmiqrasiya siyasəti Fransada qızğın müzakirə mövzusudur. Fransa xaricdən immiqrasiya qəbul etməyə məcbur olan ölkədir. Xaricdən immiqrasiya xüsusilə diplom tələb etməyən xidmət sektoru üçün həyati əhəmiyyət kəsb etsə də, sosial-iqtisadi cəhətdən əlverişsiz ölkələrdən gələn immiqrantlar stereotip profilinə görə Fransanın “Respublika” dəyərlərinə təhlükə olaraq görülür.

Bu baxış bucağı və ictimaiyyət arasındakı mühakimələr miqrant icmalarının üzərinə həm təhlükəsizlik, həm də iqtisadi problemlər qoya bilər. Bunun siyasi materiala çevrilməməsi və immiqrasiya siyasətlərinə təsir etməməsi demək olar ki, mümkün deyil. Bu səbəbdən qarşıdakı illərdə Fransa vətəndaşlığı, qanuni icazə prosesləri və ölkəyə giriş-çıxışla bağlı nəzarətlərin gücləndiriləcəyi şübhəsizdir.

Ancaq bu cür zorakılıq hallarının qarşısının alınmasına ən böyük fayda verəcək amil immiqrantları sosial-iqtisadi olaraq ölkə ortalamasından aşağı çəkən urbanizasiya modellərindən çıxarmaq, dövlətin müxtəlif qurumlarına ayrı-seçkilik mövzusunda təlimlər verməkdir. Bu, gəncləri sosial həyata cəlb edəcək, onların yaşadıqları ölkənin dəyərlərinə uyğun sosial siyasətlər işləyib hazırlamasına kömək edəcək, tədbirlərdə əsas rol oynayan ailələri möhkəmləndirəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Zorakılıq   Etiraz  


Bizi "telegram"da izləyin